Keçmiş və indiki əri ilə birgə sevgilisini öldürən qadına 20 il həbs cəzası

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA TV-nin məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin hər birinə 20 il həbs cəzası verilməsini istəyib.

 

Müdafiə tərəfinin çıxışından sonra məhkəmədə hökm oxunub. Təqsirləndirilən şəxslərin hər birinə 20 illik həbs cəzası təyin olunub.

 

Qeyd edək ki, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” MMC-də baş texnoloq işləyən Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Mahurə Hüseynova və Mübariz Əliyev tutublar.

 

İstintaqla müəyyən edilib ki, qətli mərhumun tanışı Mahurə Hüseynova təşkil edib. Bir müddət Mahurə adlı qadınla görüşən mərhum Qalıb Bağırov sonradan qadınla əlaqəni kəsib. Təqsirləndirilən Hüseynovanın dediyinə görə, mərhumla bağ evində görüşüb, evin təmizliyinə baxırmış. Sonradan Bağırovla əlaqəsi kəsilib. Onun iş adamı olması barədə qeyri-rəsmi yaşadığı Mübariz Həsənova məlumatı da Mahurənin özü veribmiş. Keçmiş həyat yoldaşı Etibar Həsənovla Mübarizi tanış edən Mahurə Hüseynova oğurluğun planını cızaraq evin yerini adı çəkilən şəxslərə göstərib. Ertəsi gün onlar Qalib Bağırovun bağ evinə gələrək, tamah məqsədilə onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belarus rublu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

Müəllif | Apa.Tv