Şəkidə arxeoloji qazıntılar zamanı yeni qəbirlər aşkarlanıb

Şəki rayonunun Fazıl kəndi ərazisindəki Təpəbaşı arxeoloji abidəsində avqust ayında yeni arxeoloji qazıntı işlərinə başlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, arxeoloqlar bu dəfə də həm yaşayış məskənlərinin mədəni təbəqəsinin öyrənilməsi üçün, həm də dini və etnik baxımdan dəfn adətləri haqqında çox maraqlı faktlar üzə çıxarıblar.

 

Arxeoloji qazıntılar zamanı Təpəbaşı abidəsində eramızdan əvvəl 3-4-cü minilliklərə aid qəbirlər aşkarlanıb. Tunc əşyalarla bəzədilərək dəfn edilmiş insanların ətrafında saxsı qablar, çöl qabanı, qoyun kimi heyvanların sümükləri də basdırılıb. Bu qazıntılar dini təsəvvürlərin, dini dünyagörüşün inkişafı haqda yeni mənbə rolu oynayır. Qəbirlərdə qadınların kişilərdən daha dərində dəfn olunduğu görünür. Bu da həmin adətin İslam dinindən daha əvvələ aid olduğu gümanını artırır.

 

Təpəbaşı abidəsi ərazisində eyni zamanda 5-ci küp uşaq qəbri aşkarlanıb. Bu küp qəbrin digər bölgələrdəki analoji qəbirlərdən fərqi odur ki, burada insanlar bütöv küpdə deyil, küp parçası üzərində dəfn edilib. Buradakı insanlar eyni dövrdə dəfn edilsələr də, dəfn mərasimi müxtəlif formalarda - arxası üstə, dizdən bükülü, yanı üstə, qismən yanı üstə formada həyata keçirilib.

 

Arxeoloq Nəsib Muxtarov qeyd edib ki, arxeoloji materiallar Qafqaz Albaniyasının xarici iqtisadi əlaqələrini öyrənmək üçün əsas materialdır.

Müəllif | Apa.Tv
Apa.tv