Erməni deputat: "Yeni baş naziri Moskva təyin edib"

"Ermənistanda dövlət idarəçiliyi sistemi bütövlükdə iflic vəziyyətdədir".

 

APA TV-nin xəbərinə görə, bununla bağlı xəbərlər ölkədə nəşr olunan qəzetlərin manşetlərinə çıxarılıb.

 

Mətbuatda yer alan fikirlərə görə, Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı xəbərlərin dərc edilməməsi nazirlərin real iş görmək əvəzinə, xidməti kabinetlərində sadəcə vaxt öldürməklə məşğul olduğunu söyləməyə əsas verir.

 

Ermənistanda kabinetin fəaliyyətsizliyi ilə bağlı xəbərlərin dolaşdığı bir şəraitdə "İrs" partiyasından olan deputat Zarui Postancyan yenicə baş nazir kürsüsündə əyləşən Karen Karapetyanın bilavasitə Moskva tərəfindən təyin edildiyini bildirib.

 

Müxalifət təmsilçisi eyni zamanda yeni hökumət rəhbərinin təyinatından hər hansı müsbət dəyişiklik gözləməyin yersiz olduğunu söyləyib:

 

"O, qeyri-qanuni fəaliyyət göstərən, barəsində dələduzluq faktlarının mövcud olduğu bir şirkətin təmsilçidir. Bu da məlumdur ki, vəzifələrə təyin olunan avtoritar və oliqarxik insanlar keçmiş fəaliyyətləri səbəbindən daim kompleks içərisində yaşayırlar".

 

 

Müəllif | Apa.Tv
Apa.tv