Cənub bölgəsində iki avtomobil yolunun tikintisi yekunlaşdı
Azərbaycan prezidentinin sərəncamlarına uyğun olaraq Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd və Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yollarının tikintisi başa çatdırılıb.
"Azəravtoyol" ASC-dən APA TV-yə verilən məlumata görə, əvvəllər vətəndaşların torpaq və çınqıl örtüklü olan yollarla xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşirdi. Hazırda isə bu problem tam aradan qaldırılıb.
Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun uzunluğu 20.05 km-dir. Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 8 m enində torpaq yatağı inşa olunub. Daha sonra 15 sm qum-çınqıl qarışığı və 12 sm optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq 2 qat olmaqla yola yeni asfalt-beton örtük döşənib. Hazırda 2 hərəkət zolaqlı olmaqla yolun asfalt örtüyünün eni 6 m təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 1 metr enində çiyinlərin, həmçinin 254 m dairəvi boruların və41 m düzbucaqlı boruların tikintisi aparılıb.
Analoji işlər Biləsuvar-Günəşli-Ağayri-İsmətli-Çinarlı-Əliabad avtomobil yolunda da aparılıb. Yolun uzunluğu 16 km-dir. Tikinti layihəsi çərçivəsində torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 9 m enində yol yatağının, həmçinin qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası aparılıb. Daha sonra yola 2 qat olmaqla 5 m enində yeni asfalt-beton örtüyü döşənib, 2 m enində isə çiyinlər qurulub. Həmçinin 300 m dairəvi boruların tikilib.
Qeyd edək ki, avtomobil yollarının tikintisi ilə Cəlilabad rayonunda 23 yaşayış məntəqəsinin 20 min nəfər əhalisinin, Biləsuvar rayonunda isə 5 yaşayış məntəqəsinin 11 bir min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşmaqla yanaşı, sözügedən ərazilərdə kənd təsərrüfatının inkişafına, insanların yetişdirdikləri məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşımasına imkan yaranıb.