Gəncədə divar iki bacının üstünə aşdı: biri öldü, digərinin vəziyyəti ağırdır
Gəncədə bədbəxt hadisə baş verib. APA TV-nin qərb bürosunun məlumata görə, hadisə Osman İsmayılova məxsus evdə baş verib.
Ev sahibinin qızları - 14 yaşlı Sona İsmayılova və 15 yaşlı Mehparə İsmayılova evin pilləkənlərində oturan zaman əlavə tikilinin bir divarı onların üzərinə aşıb. Dağıntılar altında qalan iki bacı daşların altından çıxarılaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən onlardan biri - Sona İsmayılova yolda dünyasını dəyişib. Mehparə İsmayılova isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qonşuların dediyinə görə, 10 ildən artıqdır burada yaşayan İsmayılovlar ailəsi Gədəbəy rayonundandır. Yayı orada dincələn uşaqlar iki gün əvvəl məktəbə getmək üçün Gəncəyə gəliblər. Dünyasını dəyişən Sona İsmayılova evin ikinci qız övladı olub. Onun iki bacısı və bir qardaşı var.
Dağıntılar altında qalan qızların qohumları xəstəxanada iki tibb bacısına xəsarət yetiriblər. İki bacını xəstəxanaya aparan zaman onların qohumları yaralılara vaxtında yardım göstərilmədiyini əsas gətirərək tibb işçilərinə hücum ediblər.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.