Prezident İlham Əliyev: “Təhdidlərə hazır olmaq lazımdır”
Azərbaycan MDB-yə üzvlüyə mühüm əhəmiyyət verir. APA TV-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında deyib.
Dövlət başçısı bildirib ki, MDB 25 il ərzində çox böyük yol keçib, zamanın sınağından çıxıb: “Bizim təşkilatımız müəyyən tarixi hadisələr nəticəsində yaradılıb. Mənim fikrimcə, xalqlarımızın və onların rəhbərlərinin müdrikliyi sayəsində 25 ildən sonra bizim həm region, həm də dünya üçün çox böyük əhəmiyyətə malik olan bir təşkilatımız var. Ona görə ki, bizim təşkilatın coğrafiyası yetərincə genişdir. Biz xalqlarımızı, ölkələrimizi narahat edən mühüm məsələləri, həlli tələb olunan çoxsaylı məsələləri dostcasına müzakirə edirik”.
Prezident İlham Əliyev humanitar sahədə əməkdaşlığın möhkəmlənməsi işində Azərbaycanın fəal rolunu qeyd edib. Onun sözlərinə görə, humanitar sahədə əməkdaşlıq MDB ölkələrinin ümumi əməkdaşlığının əsasını təşkil edir. Bəlkə də onsuz qarşılıqlı etimad və anlaşma bugünkü səviyyədə olmazdı.
Prezident İlham Əliyev bir neçə gündən sonra Bakıda Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə V Beynəlxalq Humanitar Forumun keçiriləcəyini xatırladıb. Dövlət başçısının fikrincə, humanitar əməkdaşlıqla bağlı məsələlər həmişə, xüsusən indiki vaxtda, bəzən humanitar əməkdaşlıq məsələlərinin müxtəlif ölkələrdə necə interpretasiya edildiyini gördüyümüz bir vaxtda diqqət mərkəzindədir: “Biz miqrantlar böhranı adlanan böhranın şahidiyik. Təəssüf ki, xalqlar arasında qarşılıqlı anlaşmanı və humanitar sahədə əməkdaşlığı möhkəmləndirmək əvəzinə, əks istiqamətdə proseslərin baş verdiyini, etnik, dini prinsip və əlamət üzrə ayrı-seçkilik salındığını görürük. Bu, bizi narahat edir. Çünki bizim təşkilat həm də ona görə güclüdür ki, burada müxtəlif mədəniyyətlərə, dinlərə və ənənələrə mənsub xalqlar təmsil olunub. Bizi əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində ümumi səylər birləşdirir”.
Prezident İlham Əliyev əlavə edib ki, heç bir ölkə beynəlxalq terrorçuluğa təkbaşına qalib gələ bilməz: “Biz təhdidlərin artdığı dövrdə yaşayırıq. Bu təhdidlərə hazır olmaq lazımdır. Yaxın tarixin göstərdiyi kimi, heç bir ölkə təhdidlərlə, beynəlxalq terrorçuluqla, ekstremizmlə, radikalizmlə təkbaşına bacara bilməz. Bizim ölkələri həm də bu meyllərin təhlükəsini dərk etməyimiz birləşdirir. Biz onu da anlayırıq ki, bütün beynəlxalq birlik beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməlidir”.
Azərbaycan prezidenti ümidvar olduğunu bildirib ki, MDB bundan sonra da fəal inkişaf edəcək.