Bakıda maşın qadın piyadanı vurub iki yerə parçaladı
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.
Prospektin şəhərin mərkəzi istiqamətində olan hissəsində piyada keçidinin üzərində qadın piyada “Hyundai” markalı avtomobillə vurulub. Çox böyük sürətlə hərəkət edən minik maşını qadını 100 metrə yaxın məsafədə yerlə sürüyüb. Nəticədə qadının meyiti iki yerə parçalanıb.
Qəza nəticəsində dünyasını dəyişən qadının şəxsiyyətini hadisə yerində müəyyənləşdirmək mümkün olmayıb. Onun hadisə yerində olan çantasından Sevda Nəsirovaya məxsus qaz smart kartı aşkarlanıb. Aparılan araşdırmadan sonra məlum olub ki, maşınla vurulan piyada 52 yaşlı Sevda Nəsirovadır.
Sürücüyə gəlincə, avtomobili 17 yaşlı yeniyetmə idarə edib. Onun heç bir sənədi olmayıb. Hüquq-mühafizə orqanları yeniyetmənin adını açıqlamır.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəyə səbəb olan sürücü saxlanılıb. Onun avtomobili hansı yolla əldə etdiyi dəqiqləşdirilir.