Göyçayda baş həkimin oğlu yol qəzasında öldü
Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə ötən axşam Bakı-Şamaxı-Yevlax magistral yolunun 195-ci kilometrliyində, rayonun Qarayazı kəndi ərazisində qeydə alınıb.
"VAZ-21015" markalı avtomobillə Göyçay şəhəri istiqamətində hərəkətdə olan rayonun Qaraməryəm kənd sakini Zaur İsa oğlu Sultanov yolu keçmək istəyən iki camışı vurub. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü yaralanıb və Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qəza nəticəsində heyvanlar da tələf olub.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
Həlak olan şəxs Qaraməryəm kənd sahə xəstəxanasının baş həkimi İsa Sultanovun oğludur.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.