Lənkəranda ağır qəza: 5-i eyni ailədən olmaqla 7 nəfər xəsarət aldı
Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik şosesinin rayonun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəranın Şağlakücə kənd sakini, 26 yaşlı Fərahim Məlikzadənin idarə etdiyi “Nissan” markalı minik avtomobili sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza nəticəsində “Nissan”ın sürücüsü, eləcə də yaxın qohumları - 51 yaşlı Şinəxanım Fərəcova, 21 yaşlı Salatın Fərəcova və onun iki azyaşlı oğlu Hüseyn və Nur Fərəczadələr, eləcə də “Mercedes”in iki sərnişini - Malik Babayev və Mehman Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü qəza törədiləndən sonra nəqliyyat vasitəsinin dövlət nömrə nişanını açaraq polis əməkdaşları gələnə qədər hadisə yerini tərk edib. Onun tapılaraq istintaqa cəlb olunması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.