Masallıda 20 min manatlıq zəli oğurlandı

Masallıda oğurluq hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Masallı rayonunun Mollaoba kənd sakini, 49 yaşlı Kamil Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb.

 

Ev sahiblərinin toyda olmasından istifadə edən şəxs və ya şəxslər evin birinci mərtəbəsinin pəncərəsini sındıraraq içəri daxil olublar. Onlar zəli saxlanılan otağın plastik qapısını bir-birindən ayırıb, zəliləri götürərək hadisə yerindən uzaqlaşıblar.

 

Zərərçəkən Kamil Məmmədov bildirib ki, toya həyat yoldaşı ilə gedibmiş: "Toydan gələndən sonra gördük ki, evimizdə pəncərə açıqdır, aşağı mərtəbədə qapı sındırılıb. İçəri daxil olub baxdıq ki, torbalarda asdığımız zəlilər yoxdur”.

 

Zərərçəkənin sözlərinə görə, oğru və ya oğrular  evin ikinci mərtəbəsinə qalxmayıblar. Onların məqsədi zəliləri oğurlamaq olub. Bu da ondan xəbər verir ki, zəliləri oğurlayıb aparan şəxs və ya şəxslər bu işlə məşğul olan adamlardır və evdə zəli olmasından xəbərdar olublar: “Oğurluğu edən adam yəqin ki, bu işdən xəbərdar olan bir adamdır. Bu işdən xəbərdar olmayan adam, kənar bir şəxs, başı çıxmayan adam bu işi görə bilməzdi. Yəni sırf zəli oğurluğu etməzdi, evdən başqa şeylər də oğurlayardı. Pul oğurlayardı, qızıl oğurlayardı”.

 

Ümumilikdə evdən 18 torbaya yığılmış təqribən 20 min zəli aparılıb və zərərçəkənə 20 min manat dəyərində maddi ziyan vurulub.

 

Hadisə ilə bağlı polisə müraciət edən Kamil Məmmədov oğurluq etməkdə şübhəli bildiyi şəxslərin adlarını istintaqa təqdim edib. Polis əməkdaşları hadisə yerinə baxış keçirərək, istintaq üçün zəruri olan barmaq izlərini götürüblər.

 

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv