Yadındamı Bakının faytonlu küçələri... - REPORTAJ

Avtomobillərin, metronun olmadığı bir zamanda minik vasitəsi kimi faytonlardan istifadə olunub. İstər uzaq, istərsə də qısa məsafələri qət etmək üçün fayton əlverişli idi. Ələlxüsus “çətir” adlı hissə günəşdən, küləkdən qoruduğu üçün xanımlara faytonla hərəkət etmək daha rahat idi. Bu gün isə faytonlar avtomobillərin fonunda, sadəcə, qədim Bakının kiçik simvoluna çevrilib...

 

Biz zamanlar Bakıda ən məşhur nəqliyyat vasitələrindən biri gördüyünüz bu faytonlar idi. Lakin bu gün hər kəs avtomobillə hərəkət etməyə üstünlük verir. Bu səbəbdəndir ki, faytonlara maraq nisbətən azalıb. Bu gün faytonlar yalnız yerli və xarici turistləri gəzdirməklə məşğuldur.

 

Aqşin Allahyarovun 35 yaşı var. 14 ildir ki, faytonçu kimi fəaliyyət göstərir. Babası da, atası da faytonçu olub. O da bu sənəti davam etdirir: “Oxumadım, atamın sənətini davam etdirdim. Bu sənəti seçdim. Peşman da deyiləm. Əsas odur ki, özüm müdirəm, həm də fəhləyəm. Həm özümü, həm də ailəmi maddi cəhətdən təmin edirəm”.

 

14 il müddətində çox at dəyişib. İlk atının adı Baron olub. Hal-hazırda 2 atı var. Faytona Gözəl və Mişa ləqəbli atlar qoşulur. Gözəl adlı bu atın 15 yaşı var. Kənd atıdır. Yeri gəlmişkən, dözümlü olduğu üçün faytona əsasən kənd atları qoşulur. Faytonçu Aydın deyir ki, at saxlamaq bir qədər çətindir: “At saxlamaq çox çətindir. Amma biz məcburuq. Əgər satsaq, yayda yenidən alsaq, bizə baha başa gələ bilər. Hər atı burada sürmək mümkün olmadığına görə çox rayonlar, kəndlər gəzib, seçib almışıq. Ona görə satmırıq. Bir atın gündəlik xərci təxminən 15 AZN-dir. Təmizliyi özümüz edirik. Nalı, qidası, xəstələnərsə, dərmanı kimi xərclər var”.

 

Fayton daha çox yay aylarında fəaliyyət göstərir. Hava sərin olanda gündüz vaxtı da çıxmaq olar. Lakin isti günlərdə axşam saatlarında, saat 18.00-19.00-dan sonra xidmət göstərilir: “Bizdə mövsümi işdir. Yay vaxtı 4 ay işləyirik. Qış vaxtı gəlir olmasa da, gəlirik. May ayından sentyabrın axırına qədər işləyirik. Günün isti vaxtlarında axşam 18.00-19.00-dan sonra çıxırıq işə. Hava sərin olan günorta da çıxa bilərik”.

 

Gəzinti Kukla Teatrından başlayır. Azneft dairəsindən Muzey Mərkəzinə qədər davam edir. Əgər məsafə uzadılsa, qiymət zaman və məsafəyə görə dəyişir. Fayton 6 nəfərlikdir. Bir gedişin qiyməti 10 AZN-dir. Son zamanlar turistlərin sayının artması faytona da marağı artırıb. Yerli və əcnəbi turistlər bu növ gəzintidən zövq almaq imkanından həvəslə istifadə edirlər: “Hal-hazırda turistlər çoxdur. Əvvəlki illərdə yerli sakinlər çox maraq göstərirdi. İndi turistlər maraq göstərir. Mən rus dilində bilirəm, qardaşım ingilis dilində. Biz iki nəfər əl-ələ verib işləyirik. İlk sualları bu olur ki, tur hara olacaq və nə qədər çəkəcək? Gəzinti 15-20 dəqiqə çəkir. Müddət maşınların sıxlığından asılıdır”.

 

Əcnəbi turistlər Bayraq Meydanına, Azadlıq meydanına getməyə üstünlük verirlər. Yerli turistlər də faytonla gəzintini sevirlər. Bəzən xaricdə yaşayan həmvətənlərimiz də gəzinti üçün faytona minirlər. Bu arada Aydın bəy deyir ki, faytonla gəzinti zamanı maraqlı hadisələr yaşanır. Məsələn, bəzən qaraqabaq insan belə bir az gəzintidən sonra mahnı oxumağa başlayır.

 

Son illər toy karvanında faytonlara maraq artıb. Gəlin gətirmə mərasimində faytondan istifadə dəbə minib. Bu isə təbii ki, əlavə qazanc deməkdir. Elə büdcəyə qənaət baxımından da sərfəlidir. Həmsöhbətimiz bildirib ki, toy karvanı üçün faytonu özü bəzəyir: “Dəbə gətirdilər deyə, bizim də qazancımız oldu. Məsafədən asılı olaraq, qiymət 100-150 AZN-dir. Ata güc düşməsin deyə toy olan günlər işə çıxmırıq”.

 

Bəlkə də vaxt gələcək faytonlar da tarixə qovuşacaq və biz bu minik vasitəsindən tarix kimi danışacağıq. Lakin hələ ki, imkan var, yararlanmağa dəyər. Ən azı gələcək üçün kiçik də olsa, xatirə qalsın deyə...

 

Müəllif | Apa.Tv
Apa.tv