ABŞ-da istehlakçı etibarının indeksi dəyişməyib
ABŞ-da cari ilin sentyabr ayı üçün müəyyən olunan istehlakçı etibarı indeksi ötən ilki səviyyədə qalaraq, 89,8 bənd təşkil edib. Bu rəqəmi Miçiqanda yerləşən və məhz istehlakçı indeksinin hesablanması ilə məşğul olan universitetin araşdırmaları ortaya qoyub.
APA TV-nin məlumatına görə, "Bloomberg" tərəfindən rəyi soruşulan analitiklər isə bundan öncə indeks indikatorunun 90,6 səviyyəsinədək yüksələcəyini proqnozlaşdırırdı.
Bu arada istehlakçıların mövcud iqtisadi vəziyyətə olan münasibəti özünün illiik minimum səviyyəsinə düşüb. Bununla yanaşı, ev təsərrüfatlarının avtomobil və digər qiymətdə nisbətən baha olan əşyalar əldə etməsi daha çox faiz dərəcələrindən asılı olmağa başlayıb.
Avqust ayında ştatlarda pərakəndə satış səviyyəsi son beş ayda ilk dəfə olaraq azalıb ki, bu da iqtisadiyyatın artım tempində mövcud kvartalda daha az canlanmanın olması deməkdir.
Sentyabr ayında ABŞ-da istehlakçıların mövcud maliyyə vəziyyətinə münasibətində də azalma qeydə alınıb. Belə ki, 2015-ci ilin oktyabrında 107-ə çatan göstərici hazırda 103,5-ə enib.
İstehlakçıların yaxın 6 ay ərzindəki gözləntiləri avqustda 78,7 təşkil edirdisə, indi 81,1 bəndə yüksəlib.
Amerikalıların inflyasiya gözləntilərinə gəlincə, sentyabr ayında ortamüddətli perspektiv üçün bu göstərici 2,5-dən 2,3 faizədək azalıb.
Qeyd edək ki, ötən ilki araşdırmalara görə ABŞ-da etibarlılıq indeksi 2004-cü ildən sonra maksimum səviyyə yüksələrək, 92,9 bənd təşkil edib.