Fərhad Xəlilov: "O, səhnədən kral kimi getdi"
Bakıda görkəmli opera və estrada müğənnisi, Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb. APA TV-nin xəbərinə görə, tanınmış müğənninin ölümünün beşinci ildönümü münasibətilə yaxınları, sənət dostları, hökumət və dövlət rəsmiləri Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan dövləti və xalqı Müslüm Maqomayevin xatirəsini həmişə əziz tutub: “Biz artıq beş ildir, bu böyük musiqiçini və böyük insanı itirmişik. Azərbaycan dövləti və xalqımız onun xatirəsini həmişə ehtiramla anıb. Müslüm Maqomayevin adına Bakıda musiqi məktəbi var, Moskvada böyük heykəli ucalır. O, Azərbaycan mədəniyyətini yaşadan, ucaldan insan idi. Onun adı, xatirəsi həmişə bizim qəlbimizdə olacaq”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov M.Maqomayevlə bağlı xatirələrini anım mərasiminə toplaşan insanlarla bölüşüb: “ O, ürəyiaçıq, əliaçıq, çox istedadlı və vətənini sevən insan idi. Müslüm dəmir kimi insan idi və səhnədən də kral kimi getdi”.
Xalq artisti, rejissor Eldar Quliyev, professor Ramiz Quliyev Müslüm Maqomayevi Azərbaycanın böyük vətəndaşı və sənətkarı kimi dəyərləndiriblər.
M.Maqomayev 1942-ci ildə Bakı şəhərində anadan olub. Uzun müddət Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan müğənni 2008-ci il oktyabrın 25-də dünyasını dəyişib.