Tarık Akanın dəfnində izdiham
Türkiyənin məşhur kino aktyoru Tarık Akan İstanbulda dəfn edilib. APA TV-nin məlumatına görə, Muhsin Ertuğrul adına teatrda keçirilən vida mərasimində jurnalist Nebil Özgentürkün 2005-ci ildə Tarık Akan barədə çəkdiyi sənədli film nümayiş etdirilib.
Mərasimdə Türkiyənin eks prezidenti Əhməd Necdət Sezer, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, siyasət və sənət dünyasının tanınmış simaları iştirak ediblər. Təşvikiyyə məscidində qılınan cənazə namazından sonra Tarık Akanın cənazəsi təxminən 20 min nəfərin müşayiəti ilə doğulub-böyüdüyü Bakırköy rayonuna aparılıb. Özgürlük meydanında Akanın cənazəsini gözləyən minlərcə insan Zuhuratbaba məhəlləsindəki qəbiristanlığa qədər cənazə maşınını müşayiət edib. Tarık Akanın cənazəsi Zuhuratbaba məhəlləsindəki qəbiristanlıqda dəfn edilib.
Qeyd edək ki, Türkiyə kino sənətinin məşhur aktyorlarından biri olan Tarık Akan (Tahsin Tarık Üregil) 13 dekabr 1949-cu ildə İstanbulda hərbçi ailəsində anadan olub. 1975-ci ilə qədər hər il 12 filmə çəkilən Tarık Akan həmin il “Hababam sınıfı” filmində çəkildiyi Damat Fərid roluyla böyük şöhrət qazanıb. 1979-cu ildə həbsdə olan rejissor-ssenarist-aktyor Yılmaz Güneylə əməkdaşlıq etməyə başlayaraq Güneyin “Yol” və “Sürü” filmlərində oynadığı rollarla Avropada şöhrət qazanıb. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra Almaniyadan Türkiyəyə qayıdarkən aeroportda həbs edilərək 3 ay həbsdə saxlanılıb. Akan həyatının o dönəmini 2009-cu ildə çapdan çıxmış “Kafamda bit var anne” kitabında yazıb. Yaradıcılığı boyunca 110 filmdə və 4 serialda çəkilən Tarık Akan aktiv ictimai fəaliyyəti ilə də Türkiyənin digər sənətçilərindən fərqlənib. 1,5 il əvvəl ağ ciyər xərçənginə yaxalanan Tarık Akan sentyabrın 16-da saat 00.51-də həyata gözlərini yumub.