Təhsil Nazirliyi ARDNŞ və "Azərsu" ilə müqavilə imzaladı

Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti (ARDNŞ) və “Azərsu” ASC arasında ilk peşə-ixtisas müəssislərinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirildi. APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov nazirlik tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı müəyyənləşdirilərkən ARDNŞ və “Azərsu” ASC-nin ehtiyaclarının nəzərə alacağını, əməkdaşlıq çərçivəsində müvafiq ixtisaslar üzrə tələb olunan peşə təhsili standartlarının, fənn kurikumlarının birgə hazırlanmasının nəzərdə tutulduğunu bildirdi.

 

Nazir ilk peşə ixtisas təhsilinin nüfuzunun yüksəldilməsinin zəruri olduğunu dedi.

 

 “Bu gün ölkənin təhsil sistemində kadr hazırlığı heç də hər zaman bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Peşə məktəblərində tədris daha çox ənənəvi tədris proqramlarından, müəyyən mənada aktuallığını itirmiş mövzulara, praktiki biliklərə əsaslanmaqla həyata keçirilir. Lakin Azərbaycanda peşə təhsilinin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri təhsil alanların əmək bazarı üçün tam yetişdirilməsi, bütün sahələrdə tələbatın ödənilməsi üçün kompitensiyalara malik olan kadrların hazırlanmasıdır”.

 

ARDNŞ prezidenti Rövnəq Abdullayev ilk peşə təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əmin olduğunu bildirdi.

 

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkənin əksər yaşayış məntəqələrinin içməli su ilə təmin etmək üçün hazırlanmış layihələrin uğurla həyata keçirildiyini nəzərə çatdırdı.

Müəllif | Apa.Tv
Almaz Qasımova