Ərdoğan: "Türk ordusu ABŞ hərbçilərini xilas edib"
"Türkiyə hərbçiləri Suriyada ABŞ xüsusi təyinatlılarının həyatını xilas edib". APA TV-nin məlumatına görə, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri öncəsi jurnalistlərin suallarını cavablayarkən bildirib.
Türkiyə prezidenti, Azad Suriya Ordusu döyüşçülərinin amerikalı hərbçiləri qovmasında ABŞ-ı günahlandırıb: "ABŞ xüsusi təyinatlıları Azad Suriya Ordusu tərəfindən istənmir. Buna səbəb ABŞ rəsmilərinin Azad Suriya Ordusuna qarşı hərəkətləridir. Bizim nümayəndələr, bizim xüsusi təyinatlılar 30-a qədər ABŞ xüsusi təyinatlısını Suriyadan çıxardı".
Ərdoğan Türkiyə sərhədi boyu Suriya torpaqlarının məqsədli şəkildə PYD/YPG-yə verildiyini deyib: "Tel Abyad deyilən yer ərəblərin yaşayış yeridir. İŞİD bu bölgəni müxtəlif əməliyyatlarla PYD/YPG-yə verdi. Bu, Hasekedən başlayan prosesdir. Hədəf Afrinlə birləşərək Aralıq dənizinə çıxmaqdır. Qaziantep hadisəsindən sonra "artıq bəsdir" dedik. ABŞ-a, Rusiyaya söylədik. Biz "Menbiç əməliyyatında PYD/YPG olmayacaq" dedik. Bura ərəblərə aid torpaqlar olsa da, PYD/YPG-yə aid göstərmək istədilər. Cerablus əməliyyatı 3-4 ay sürər dedilər, 15 gündə bitdi. Bölgəni biz bilirik, bizi dinləyin. NATO-da birlikdəyik, strateji ortaqlığımız var. Əl-ələ verib bu pisliyi təmizləyək. Bizim buraları təhdid ünsürü olmaqdan çıxarmağımız lazımdır".
Ərdoğanın sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri tərəfindən İŞİD-dən azad olunan torpaqlarda tampon bölgə yaradılması qaçqın probleminin həllində ciddi irəliləyişə səbəb olacaq.