Azərbaycanda ali məktəblərə muxtariyyət verilib - İSLAHAT

“Azərbaycanda təhsil sisteminin məktəbəqədər sektorunda çatışmayan infrastrukturun yaradılması yollarını ənənəvi olaraq, yalnız dövlət resursları hesabına deyil, özəl sektorla əməkdaşlığın genişlənməsində axtarmaq lazımdır”.

 

APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyir  ki, məktəbəqədər təhsil sahəsinə özəl sektorun marağı olduğu təqdirdə, Təhsil Nazirliyi bu təşəbbüsləri dəstəkləmək niyyətindədir.

 

Nazirin sözlərinə görə, bunun üçün Azərbaycanın qanunvericiliyi də təkmilləşdirilir.  

 

 “Burada əsas məsələ həmin müəssisələrin və müraciət edən tərəflərin Azərbaycanın təhsil qanunvericiliyinə uyğun olaraq bütün proqrama, tələb və standartlara cavab verməsi olacaq. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəbəqədər hazırlıq təhsilinin icbari olması, çatışmayan infrastrukturun yaradılması məsələsi də nəzərdə tutulur”.

 

Təhsil naziri sənədə əsasən, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi məsələsinə aydınlıq gətirdi. Onun sözlərinə görə, bir sıra məsələlərdə ali məktəblərə artıq muxtariyyət verilib. Nazir dedi ki, ali məktəblərə muxtariyyətin verilməsi təhsil ocaqlarının mülkiyyət formasından asılı olmayaraq idarəetmə modellərinin təkmilləşdirilməsinə, onların fəaliyyətinin şəffaflığının və səmərəliliyinin təmin edilməsinə, ali təhsil müəssisələrinin tədris proseslərinin keyfiyyətinin yüksəldilməsi hesabına məzunların bilik səviyyəsinin, peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.

Müəllif | Apa.Tv
Almaz Qasımova