Kürdəmir-Ucar-Yevlax avtomobil yolu yenidənqurmadan sonra açıldı
Sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirə səfərə gedərkən yolüstü Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin açılışında iştirak edib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən reallaşdırılan Kürdəmir-Ucar-Yevlax–Tərtər avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 87,8 kilometr uzunluğunda olan yolun Kürdəmir-Ucar-Yevlax hissəsi iki zolaq əlavə edilməklə birinci texniki dərəcəyə təkmilləşdirilib. Layihəyə əsasən yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 13,75 metr olmaqla, ümumi eni 27,5 metrdir.
Layihə çərçivəsində 4 yol qovşağı və su üzərində 5 hidravlik körpü inşa olunub. Bundan başqa, yolda 25 yeraltı keçid, 39 düzbucaqlı drenaj qurğusu, 124 suötürücü boru və 16 avtobus dayanacağı tikilib.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.