Odun parçasından ŞAH ƏSƏRLƏR yaradan usta
Yerli və xarici turistləri cəlb edən rayonlardan biri də Qəbələdir. Burda təkcə təbiət mənzərələri yox, həm də qədim xalq sənətkarlıq nümunələri qonaqların diqqətini cəlb edir. Qəbələnin Vəndam qəsəbəsində yaşayan və ağac üzərində möcüzə yaradan sənətkar Şahin Rəhimovun əsərləri görənləri heyrətə salır. İsgənə, balta, rəndə, çəkic və cilalama kağızı ilə yaradılan bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilib. Qəbələni yerli və xarici turistlərə özünəməxsus tərzdə təqdim edən Şahin usta bir çox insanın lazımsız kötük və ya odun parçası kimi baxdığı bir ağacdan maraqlı sənət əsəri yaradır. Usta sənətinin sirlərini yaxınlarına da öyrədir. Şahin usta APA TV-yə bu işə oğlunun da maraqlı olduğunu deyir.
"Mən əvvəllər tək işləyirdim. Sonra bir neçə yaxınımı öyrətdim. Maraqlı sənətdir cavanların bilməsi vacibdir. Qoy nəsildən nəsilə keçsin, itməsin".
O, əlinə keçən yararsız qoz və şabalıd ağacından qiymətli bir əşya düzəldir. Bu suvenir, məişət əşyası, milli atribut və ya hansısa şirkətin loqosu ola bilər. Çünki o, ağaca baxarkən onun içində gizlənən sənəti görür. Ustanın ağac üzərində oyma ilə yaratdığı qartal, stol, qlobus, mücrü, nərd, leylək, güldan, Azərbaycanın xəritəsi, kitab, minarə və yüzlərlə bu cür suvenir insanı təəccübləndirir. 1995-ci ildən bu sənətlə məşğul olan Şahin Rəhimov əl işlərinə görə müxtəlif mükafatlara layiq görülüb. Şahin usta əl işlərinin bəzilərini qazanc əldə etmək məqsədiylə satır da.
"1 manatdan 200-300 manata qədər qiymət qoyuram. Bəzi işlər olur ki, əziyyəti çoxdur. Bəzən turistlərə razılaşma yolu ilə də satıram".
Respublikada keçirilən xalq sənətkarlığı ilə bağlı sərgilərin demək olar ki, hamısında onun əl işləri nümayiş olunur. Şahin usta hazırladığı fiqurları turistlərə satmaq üçün Bakı-Şamaxı-Qəbələ-Şəki avtomobil yolunun kənarında, Vəndam qəsəbəsindəki evinin qarşısında kiçik bir dükan açıb. O, şəxsi emalatxanasında hazırladığı suvenirləri həmin dükanda satışa çıxarır. Əl işləri arasında qiyməti 1 manatdan 1000 manatadək olan əşyalar var. O, hazırladığı bütün əşyaların onun üçün əziz olduğunu, bəzi əşyaları isə daha maraqlı olduğu üçün satmaq istəmədiyini, ona görə də üstünə qiymət qoymadığını bildirir.