Sənətkarlar diyarından REPORTAJ

Yenə də Azərbaycanın qədim diyarlarından olan Lahıcdayıq. Bura sənətkarlar diyarı kimi də məşhurdur.

 

Güzgüyə baxmağım sizə qəribə gəlməsin. Əynimdəki geyim  özümə də qəribə gəlir. Bu cür geyinməyimin səbəbi isə Lahıcda bu paltarları hazırlayan Şamil usta ilə görüşməyimiz oldu. O, həm qadın, həm kişilər üçün milli geyimlər hazırlayır.

 

Şamil usta Azərbaycanın milli geyimləri ilə yanaşı, nağıl qəhrəmanlarının taxta heykəllərini hazırlayır. O, həm də dəmirçiliklə məşğul olur. Ustanın Lahıcda xırda suvenirlər, xəncər, qılınc, papaq, dəbilqə və döyüşlərdə istifadə olunan digər üst və baş geyimləri satılan balaca bir dükanı var. Öz təbiri  ilə desək,  universal ustadır. Usta APA TV-yə deyir ki, işləmək üçün sexi yoxdur. Bu paltarları sadə əl maşınında, ev şəraitində hazırlayır. Suvenirlərini isə dost-tanışların emalatxanasında düzəldir. Bəs bu sənətə necə başlayıb? Onu da deyim ki, bu işlə çoxdan məşğuldur. Amma bir vaxtlar  bu işin qazanc mənbəyinə çevriləcəyi ağlına da gəlmirmiş.

 

“Lahıca  turist axını vardı. Fikirləşdim, necə edim ki, həm qazancımız olsun, həm də milli geyimlərimizi, tariximizi yada salan əşyaları qonaqlara təqdim edə bilək. Ağlıma bu geyimləri hazırlamaq ideyası gəldi və işə başladıq. Keçmişdə bu dağlarda qaçaqlar çox olub və onların geyimləri fərqli olurdu. Biz müxtəlif döyüş libasları, silahların suvenirlərini, zirehli paltarlar hazırlayırıq. Bu, insanlar üçün maraqlıdır”.

 

- Bəs nəsə sifariş edən olur?

 

 “Belə bir hadisə olmuşdu. Bir azərbaycanlı toyunda ailənin amerikalı dostları onlara süpürgə və çömçə bağışlamışdılar. Yəni, eviniz təmiz, qazanınız qaynayan, bərəkətli olsun. Azərbaycanlı ailə də əcnəbi dostlarına hədiyyə etmək üçün  sizin əyninizdəki kimi bir xanım libası və mənim geyindiyim kimi bir kişi libası sifariş elədilər ki, həmin dostlarına hədiyyə edəcəkdilər, oğlanları azərbaycanlı xanımla ailə qururdu çünki.

 

Şamil usta deyir ki, iş çətindir, amma maraqlıdır. Həm də bayaq da qeyd elədiyim kimi qazanc yerləridir. Maraqlıdır, bəs o, bir milli geyimi neçəyə satır?

 

70-80 manat arasında satış qiymətlərimiz var. Bundan baha qoymaq olmaz. Deyim ki, hər geyimdə 50-60 manat onun sadəcə materialı edir. 15-20 manat üstünə qoyuram ki, o da qazancım olun.

 

Belə bir söz var, deyirlər insanı geyiminə görə qarşılayar ağlına görə yola salarlar. Müasir zamanda çətin məsələdir. Çünki  indi insanların əksəriyyəti demək olar, eyni üslubda geyinirlər. Milli geyimlərimizinsə bu sarıdan bir üstünlüyü var idi.  Geyimlər həm də qarşındakı insanın kim olduğunu göstərirdi.

 

Müəllif | Apa.Tv