Zarafat qanlı davayla nəticələndi

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib. Boyun nahiyyəsindən damarı kəsilən rayon sakini son anda ölümdən xilas olub. Güclü qanaxmanın dayandırılması və yaralıya köçürülən qan onu həyatda  saxlayıb. APA TV-nin xəbərinə görə, cinayət hadisəsi Kürdəmir şəhərinin Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Həmyerlilər arasında başlanan zarafat qanla nəticələnib. Hadisəni törətməkdə təqsirli bilinən 52 yaşlı Həmid Məhərrəmovla tanışı Valeh Babayev arasında mubahisə yaranıb. Valeh Həmidə qarşı nalayiq ifadələr işlədib və onu kənara itələyib. Təhqirdən qəzəblənən Həmid cibindəki bıçaqla Valehin boyun nahiysəinə xəsarət yetirib.

 

Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Cərrahiyə şöbəsindən bildirilib ki, xəstə damarı kəsildiyi üçün çoxlu qan itirib. Ona ilkin tibbi yardım gösətrilib və qanaxmanın qarşısı alınıb. Biri hüquq-muhafizə işçisi olmaqla 2 nəfər xəstəyə 600 qram qan verib. Daha sonra xəstə təcili olaraq, müalicə üçün Bakıya göndərilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov