Cəlilabadda canavarlar sürüyə hücum etdi
Cəlilabadda canavarlar qoyun sürüsünə hücum ediblər. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb.
Kənd sakinlərinə məxsus qoyun-quzu örüş sahəsində olarkən kolluqdan çıxan bir neçə canavar sürüyə hücum edib. Hadisəni görən çoban dərhal yaxınlıqdakı sakinləri köməyə çağırıb. Onların müdaxiləsindən sonra yırtıcılar qaçıb uzaqlaşıblar. Bununla belə, bir neçə qoyun canavarların hücumuna məruz qalaraq tələf olub.
Yerli sakinlərin sözlərinə görə, canavarlar mütəmadi olaraq xırda buynuzlu heyvanlara hücum edərək onların sahiblərinə xeyli maddi ziyan vururlar.
Hadisə ilə bağlı Cəlilabad Rayon Baytarlıq İdarəsi məlumatlandırılıb. Qurumun baytar-həkimləri əraziyə gələrək, tələf olmuş heyvanları xüsusi qaydada zərərsizləşdiriblər.