Tovuzda canavarlar kəndə hücum etdi
Tovuz sakini Vahid Məmmədrzayevin təsərrüfatı canavar hücumuna məruz qalıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Mülkülü kəndində qeydə alınıb.
Gecə saatlarında səs-küyə çıxan V. Məmmədrzayev 10 xırda buynuzlu heyvanın yırtıcılar tərəfindən öldürüldüyünü, 5-nin isə yaralandığını görüb. Yırtıcılar bir neçə qoyunu həyətdə öldürüblər. Bir neçəsinin cəmdəyi isə yaxınlıqda olan əkin sahəsində aşkarlanıb.
Kənd sakinləri canavarların tez-tez kəndə hücum etdiyini bildirirlər. Bir neçə gün əvvəl yırtıcılar iki at və bir iri buynuzlu heyvanı da parçalayıblar.