Bu il baş verən yanğınlarda 45 NƏFƏR ölüb
Fövqəladə Hallar Nazirliyi Azərbaycanda bu ilin 9 ayında baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb. APA TV-nin xəbərinə görə, 2013-cü ilin 9 ayı ərzində respublika ərazisində 7333 təbii və texnogen mənşəli hadisə baş verib.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 81 nəfər xəsarət alıb. Bu 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 683 hadisə və ya 10 faiz çoxdur.
Bu ilin 9 ayı ərzində respublikada baş verən yanğınların aradan qaldırılması üçün 7208 çıxış olub. Yanğın hadisələri zamanı 45 nəfər dünyasını dəyişib, 57 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 2 faiz çox, xəsarət alanlar üzrə isə 5 nəfər və ya 8 faiz azdır.
Respublika ərazisində 18 partlayış hadisəsi baş verib. Partlayışlar zamanı 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Bu 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 29 faiz çoxdur.
Məlumatda həmçinin bildirilir ki, nazirliyin xilasediciləri tərəfindən 6 nəfər xilas edilib, 63 nəfər təxliyə olunub.