Layiqli Əmək üzrə Ölkə Proqramının yeni mərhələsi başlayır
Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əməkdaşlıq çərçivəsində "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın qəbul edilməsi və Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması ilə əlaqədar tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Layiqli Əmək üzrə yeni Ölkə Proqramının qəbul olunmasının ölkəmizin sosial-iqtisadi həyatında mühüm hadisə olduğunu qeyd edib.
Səlim Müslümov bildirib ki, proqramda qarşıya qoyulan bir sıra sosial-iqtisadi məsələlərin həlli beynəlxalq təcrübəyə, iqtisadiyyatı inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin təcrübəsinə əsaslanacaq. Nazir bu sənədin BƏT-lə əməkdaşlıq çərçivəsində qəbul edilən artıq ikinci Ölkə Proqramı olduğunu, bundan əvvəl isə 2006-2009-cu illər üzrə proqramın icra edildiyini diqqətə çatdırıb.
BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Köler ölkəmizin BƏT-lə əməkdaşlığının yeni Ölkə Proqramının qəbul olunması, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi ilə yeni bir inkişaf mərhələsinə daxil olduğunu bildirib. H.Köler ölkəmizdə sosial-iqtisadi inkişaf proseslərinin, əmək və sosial müdafiə, sosial partnyorluq sahəsində əldə olunmuş müsbət təcrübənin yeni Ölkə Proqramının uğurlu icrasına, Üçtərəfli Komissiyanın səmərəli fəaliyyətinə imkan yaradacağını, bu proseslərdə BƏT-in həmişə müvafiq dəstəyi verəcəyini qeyd edib.
Daha sonra Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” və Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması barədə birgə sənəd imzalanıb. Eyni zamanda Komissiyanın Əsasnaməsi təsdiq edilib və Komissiyanın üzvləri seçilib.