Lerikdə torpaq sürüşməsi! Sakinlər köçürüldü!

Bir neçə gündən bəri davam edən intensiv yağışlar Lerikdə yenidən torpaq sürüşməsinə səbəb olub. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Livədirgə kəndində bir neçə fərdi yaşayış evinin yerləşdiyi ərazidə baş verən torpaq uçqunu yerli sakinləri vahiməyə salıb. Ən təhlükəli vəziyyət kənd sakini Famil İsayevə məxsus fərdi evin ərazisində müşahidə olunub. Sürüşən torpaq qatı evi əhatə etdiyindən ailənin 3 nəfərlik üzvü qohumlarının evinə köçürülüb.

Artıq yerli icra strukturlarının nümayəndələri əraziyə baxış keçiriblər. Sözü gedən ərazinin yaşayış üçün təhlükəli olduğu barədə müvafiq qurumlara məlumat verilib.

Qeyd edək ki, Livədirgə kəndindəki sürüşmə zonasının əhatə dairəsi yarım hektar təşkil edir.

Müəllif | Apa.Tv