Gürcüstanda Saakaşvili erası başa çatır? – PREZİDENT SEÇKİLƏRİ
Bu gün Gürcüstanda prezident seçkiləri keçirilir. Ölkə üzrə 3 milyon 537 min 719 seçici 3 655 seçki məntəqəsi və 34 xüsusi məntəqədə səsvermə hüququndan istifadə edə biləcək. Xaricdə yaşayan Gürcüstanın 48 min 458 vətəndaşı dünyanın 40 ölkəsində yaradılmış 50 seçki məntəqəsində səs verə biləcək.
Prezident seçkilərini 60 yerli və 65 beynəlxalq təşkilat izləyir. Eyni zamanda seçkiləri müşahidə etmək üçün 152 media qurumu, 1381 jurnalist akkreditə olunub. Jurnalistlər Gürcüstan həbsxanalarında da prezident seçkilərinin gedişini izləyə biləcəklər.
Prezident postu uğrunda 23 namizəd mübarizə aparır. Rəy sorğularına əsasən, əsas rəqabət 3 nəfər arasında gedəcək. Ən şanslı namizədlər hakimiyyət təmsilçisi Georgi Marqvelaşvili, prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi Milli Hərəkat Partiyasının namizədi David Bakradze və sabiq spiker Nino Burcanadze sayılır. Seçkiqabağı keçirilmiş sorğular ikinci turun qaçılmaz olduğunu göstərir.
Qeyd edək ki, Azərbaycanlı millət vəkilləri Qənirə Paşayeva, Rasim Musabəyov və İlham Əliyev Gürcüstanda keçirilən prezident seçkilərini müşahidə edir. Bundan başqa millət vəkilləri Elton Məmmədov və Mirkazım Kazımov GUAM Parlament Assambleyasının, Azay Quliyev isə ATƏT Parlament Assambleyasının xətti ilə müxtəlif seçki məntəqələrində səsvermənin gedişini izləyirlər.
Milli Məclisin üzvləri həmçinin soydaşlarımızın yaşadığı bölgələrdə də səsvermə prosesini müşahidə edəcəklər.