Sovetlərdən miras qalan "Ölüm maşınları"

Son aylar baş verən avtoqəzaların əksəriyyəti sovet istehsalı olan maşınların iştirakı ilə törədilir.

“Jiquli” və "Volqa" kimi tanıdığımız avtomobilləri Rusiyanın Volqa və Qorki Avtomobil Zavodları istehsal edir, onları qısaca VAZ və QAZ adlandırırlar. Bu avtomobillər Avropa standartlarından çox geridədir. O səbəbdən sovetlər dönəmindən qalan, istismar müddətinin bitməsinə baxmayaraq, hələ də istifadə edilən bu avtomobilləri “Ölüm maşını” da adlandırmaq olar.

Bu görüntülərdəki qəzalar çəkiliş qrupumuz tərəfindən son vaxtlarda qeydə alınıb. Bu avtomobilləri ölüm qutusuna çevirən səbəb nədir?

Maşın təmiri ilə məşğul olan Vahid Hüseynov deyir ki, “ölüm maşınları”nın əyləc sistemlərində problemlər olur: “Xarici maşınlarda ABS var, bu maşınlarda isə yoxdur, əyləci sıxanda dayanması çox gec olur. Və ümumiyyətlə beş ildən sonra bu maşınlar istismara yararsız olur”.

Usta həmçinin bildirir ki, manevr imkanlarının olmaması, kuzovun dözümsüzlüyü də səbəblər sırasına daxildir. Ən önəmli səbəb isə təmir edilən maşınların detallarının problemli olmasındadır. Mühərrikləri nasaz olan bu avtomobillər üstəlik ekologiyanın çirklənməsinə də səbəb olur.

“Biz bu detalları alıb gətiririk. Amma standartlara uyğun olmur”.

2014-cü ildən Azərbaycanda tətbiq olunacaq “Avro-3” standartlarına əsasən, bu avtomobillərin ölkəyə idxalı qadağan olunacaq. O zamana kimi isə Tanrı bizi qorusun! Həm qəzalardan, həm də vaxtsız faciələrdən.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı