Əsgərlikdə olan oğlunu görməyə gedən ATA QƏZADA ÖLDÜ, ANA AĞIR YARALANDI

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 1960-cı il təvəllüdlü Biləsuvar rayon sakini Mirzəyev Təvəkkül Korus oğlunun idarə etdiyi “90-KB-530” dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Maşın dərədə yerləşən təmir sexinin həyətindəki ayaqyolunu uçurub. Hadisə nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Sərnişin 1964-cü il təvəllüdlü Bayramova Yeganə Eldar qızı və qəza zamanı ayaqyolunda olan 1963-cü il təvəllüdlü İlqar İbrahimov müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, Yeganə Bayramovanın vəziyyəti orta ağırdır. İlqar İbrahimov isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.
Hadisənin şahidi maşının sürətlə hərəkət etdiyini və yoldan çıxaraq dərəyə yuvarlandığını deyir.
“Maşın uçub həyətdəki ayaqyolunun üstünə düşdü. Gedib qəzaya uğrayanlara kömək etdik, bir qadın vardı, onu çıxardıq. Sonra dedilər, ayaqyolunda adam vardı, onun üstünə 20-30 mişardaşı düşmüşdü. Daşları kəsib adamı çıxardıq, daha sonra xəstəxanaya göndərdik”.

 

Qeyd edək ki, qəza ailənin Qusarda yerləşən “N” saylı hərbi hissədə qulluq edən övladlarını ziyarət etmək üçün getdikləri zaman baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Vəli Turan