Gürcüstanda Saakaşvili erası başa çatdı - SEÇKİLƏR

Gürcüstanda dünən keçirilən prezident seçkilərində hakim "Gürcü arzusu" koalisiyasının namizədi Georgi Marqvelaşvili böyük fərqlə irəlidədir. Seçkinin ilkin nəticələrinə görə, o, əsas rəqibi - Mixail Saakaşvilinin Vahid Milli Hərəkatının namizədi David Baradzedən üç dəfədən çox səs toplayıb. Keçmiş spiker Nino Burcanadzeyə isə seçicilərin təxminən 7 faizi səs verib.

 

Gürcüstanda seçicilərin sayı 3 milyon 537 min 719 nəfərdir. Səsvermədə seçicilərin 46,6 faizi iştirak edib.

 

Keçirilən exit-poll-lar da Georgi Marqvelaşvili qələbəsini təsdiqləyir.

 

APA TV-nin xəbərinə görə, artıq "Gürcü arzusu" koalisiyasının qərargahında qələbəni bayram edirlər. Georgi Marqvelaşvili tərəfdarlarına təşəkkür edib.

 

David Bakradze rəqibini təbrik edib. Nino Burcanadze isə bildirib ki, sorğulara inanmır. O, öz seçicilərinin səslərini sonadək qoruyacağına söz verib.

 

Artıq prezidentlik müddəti başa çatan Mixail Saakaşvili bəyan edib ki, Gürcüstan özünün yeni prezidentini seçib: "Seçicilərə minnətdarlıq etmək istəyirəm. Çünki, istənilən seçki ölkədə demokratik institutların inkişafı deməkdir. Gürcüstan seçiciləri öz sözlərini dedilər. Nəticələrdən narazı olanlara demək istəyirəm ki, istənilən seçimə hörmətlə yanaşmaq lazımdır. Demokratiyanın qaydası budur".

 

 

Müəllif | Apa.Tv
Apa.tv