Sərhədçilərimiz axtarışda olan 373 nəfəri saxlayıb
2016-cı ilin sentyabr ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 36 halda 59 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onların 25 nəfəri Azərbaycan, 15 nəfəri İran, 6 nəfəri Özbəkistan, 5 nəfəri Banqladeş, 2 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Gürcüstan, hər ölkədən bir nəfər olmaqla Ukrayna, Belçika, Uqanda, Keniya vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 14 nəfər, Xəzər dənizində 14 halda 15 nəfər, Sərhəd Nəzarəti Məntəqələrində 848 halda 1153 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 373 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 5 kiloqram 334,1 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 72 halda ümumi dəyəri təqribən 158 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd 16 mm-lik tüfəng, 4 ədəd tank əleyhinə mina, 40 ədəd 9 mm-lik patron, 1 ədəd durbin, 8800 ABŞ dolları, 1320 Rusiya rublu, 20 ədəd Ermənistan istehsalı olan spirtli içkilər, 13 935 qutu müxtəlif markalı siqaret, 23 ədəd mobil telefon, 3 ədəd qayıq, 4 ədəd bıçaq, 358 ədəd müxtəlif növ dərman preparatları, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.