Moskvada azərbaycanlı BAZAR SAHİBİ HƏBS OLUNDU
Moskvada yaşayan azərbaycanlılara xəbərdarlıq edilib və onlara axşam saat 9-dan sonra küçəyə çıxmamaq tövsiyə olunub.
Lent.az-ın Moskvaya ezam edilmiş müxbiri Səbuhi Məmmədli oradakı son vəziyyətlə bağlı APA TV-yə danışıb:
“Şerbakovun qətlindən sonra Moskvada vəziyyət sakitdir. Azərbaycanlılar arasında narahatlıq davam edir. Buna səbəb isə noyabrın 4-də rus millətçilərinin keçirəcəyi aksiyadır. Millətçi gənclər müxtəlif obyektlərə hücum edirlər. Artıq azərbaycanlılara evdən bayıra çıxmamaq barədə xəbərdarlıq olunub. Ümumiyyətlə, bu hadisədən sonra saat 9-dan sonra azərbaycanlıların bütün kafeləri bağlanır. Bu obyektlərin hava qaralandan sonra bağlanması məsləhət görülüb. “OMON”çular dünən səhmdar cəmiyyətin yaxınlığında yerləşən “Bilyard kafe”ni də bağlayıblar”.
Oktyabrın 28-də Moskvada “İzmaylov” bazarı kimi tanınan Qapalı Səhmdar Cəmiyyətin “İzmaylov” Kompleksinin sahibi Aydın İsayev həbs olunub. O, iqtisadi cinayətkarlıqda ittiham olunur. Aydın İsayev miqrantları əmək fəaliyyətinə qeyri-qanuni cəlb etməkdə təqsirləndirilir.
“Azərbaycanlılar Orxanın hərəkətlərinə heç kəs haqq qazandırmır. Bir qədər əvvəl Azərbaycanın KİV-də Şerbakovun ölmədiyi deyilirdi. O, qətlə yetirildikdən bir gün sonra Daminols qəbiristanlığında dəfn olunub”.
Rusiyada Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbsindən sonra miqrantlara qarşı reydlər davam edir və miqrasiya qanununu pozanlar mütəmadi olaraq ölkədən deportasiya olunur.