Mehriban Əliyeva: “Azərbaycan bu tarixin ilk səhifələrini yazacaq” - EKSKLÜZİV

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının Koordinasiya Komitəsinin ikinci iclası olub. APA TV-nin məlumatına görə, iclasda I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib. İclasdan əvvəl Mehriban Əliyeva Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə görüşüb. Görüşdə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün bir sıra məsələlər müzakirə edilib.

Daha sonra iclasda çıxış edən Mehriban Əliyeva Koordinasiya Komitəsinin qarşısında duran məsələlərdən danışıb. Komitə sədri bildirib ki, bu gün Azərbaycan idman ölkəsi kimi tanınır və ölkəmiz ənənəvi olaraq nüfuzlu turnirlərə ev sahibliyi edir.

“Ötən iclasda qeyd etdiyim kimi bu oyunların keçirilməsinin bizə həvalə edilməsi böyük imkan və əhəmiyyətli məsuliyyətdir. Azərbaycanda müntəzəm olaraq Avropa və dünya çempionatları keçirilir və bizim qonaqlar, habelə mütəxəssislər bu tədbirlərin yüksək şəkildə təşkil olunmasından razı qalırlar.

İlk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunları Avropa idman hərəkatı tarixində yeni bir dövrün başlanmasına işarədir və Azərbaycan bu tarixin ilk səhifələrini yazacaq. Oyunlar Azərbaycan xalqı tərəfindən də dəstəklənir. Onlar fəxr edirlər ki, ölkəmiz Avropa idman tarixində çox mühüm rol oynayacaq. Eyni zamanda, Azərbaycan hökuməti bütün öhdəliklərini yerinə yetirir, Avropa Oyunlarını dəstəkləyir, Avropa idmançılarının uğur və təcrübə qazanması üçün zəruri olan hər şeyi edir”.

2015-ci ilin yayında keçiriləcək oyunlara böyük maraq olduğunu deyən Mehriban Əliyeva hazırlıqların yüksək səviyyədə davam etdiyini vurğulayıb.

“Biz Avropa Olimpiya Komitəsi və Avropa federasiyaları ilə müntəzəm görüşləri və planlar barədə fikir mübadiləsini yüksək qiymətləndiririk. Əminəm ki, bizim ümumi səylərimiz dostluq, hörmət kimi universal dəyərlərin inkişafına kömək edəcək. Bakıya sonuncu səfərinizdən sonra çox böyük nailiyyətlər əldə edilib. Bugünkü görüşdə bizim komandamız qarşıda duran işlərin təqdimatını edəcək”.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ilin iyununda Bakıda keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv