Zəngilanın işğalından 20 il ötür
Zəngilanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20 ili tamam olur.
1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub.
APA TV-nin xəbərinə görə, bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda olub. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.