QAXDA ZƏNCİRVARİ QƏZA: Yük avtomobili “BMW” və "Nissan"la toqquşdu
Qax rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının 102-ci kilometrliyində, Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayonunun Baş Göynük kənd sakini Əlixan Qədirovun idarə etdiyi yük avtomobili, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü İmamverdiyev Əli Məmməd oğlunun idarə etdiyi “Nissan” markalı avtomobil, Naxçıvan şəhər sakini Əhmədov Nazim Sabir oğlunun idarə etdiyi “BMW” markalı avtomobil toqquşub. Əli İmamverdiyev idarəetməni itirərək avtomobili yolun kənarındakı qoz ağacına çırpıb. Nazim Əhmədov isə idarə etdiyi “BMW”-nin sürətini nizamlaya bilməyib, əvvəlcə yük maşınına dəyib. Daha sonra yolun kənarındakı qoz ağacına çırpılıb.
Zəncirvari qəza nəticəsində xəsarət alan “Nissan”ın sürücüsü Əli İmamverdiyev, onun həyat yoldaşı, Aynur İmamverdiyeva, “BMW”-nin sürücüsü Nazim Əhmədov və onun sərnişini, Bərdə rayon sakini Əvəzəli Gözəlov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.
Xəstəxanadan APA TV-yə verilən məlumata görə, yaralılardan Əvəzəli Gözəlovun və Aynur İmamverdiyevanın xəsarətləri yüngül olduğundan, onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar. Digər xəstələr Əli İmamverdiyev və Nazim Əhmədovun müalicəsi xəstəxanada davam etdirilir. Hazırda onların vəziyyəti orta-stabil hesab edilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.