Gürcüstanın yeni prezidenti DANIŞDI
Gürcüstanda keçirilən prezident seçkilərinin qalibi "Gürcü arzusu" partiyasının namizədi Georgi Marqvelaşvili tərəfdarları qarşısında çıxış edib. Marqvelaşvili onu qələbəyə apardığı üçün baş nazir İvanişviliyə təşəkkürünü bildirib.
Maraqlıdır ki, Marqvenaşvili “Gürcü arzusu” partiyasından irəli sürülsə də, heç bir siyasi partiyanın üzvü deyil.
APA TV-nin xəbərinə görə, Saakaşvilinin partiyasından olan namizəd - keçmiş parlament spikeri David Bakradze ekzitpol nəticələrindən sonra rəqibi Marqvelaşvilini təbrik edib və gələcəkdə prezident və baş nazirlə işləməyə hazır olduğunu bildirib. Lakin ondan fərqli olaraq, partiya lideri Mixail Saakaşvili səsvermədən sonra etdiyi telemüraciətdə ölkənin geri düşəcəyini bildirib.
Marqvenaşvili buna qədər aktiv siyasi fəaliyyətlə məşğul olmayıb. 44 yaşlı yeni prezident 1992-ci ildə Tiflis Dövlət Universitetinin fəlsəfə və psixologiya fakültəsini bitirib. 2000-2006-cı və 2010-2012-ci illərdə Gürcüstan İctimai Əlaqələr İnstitutunun rektoru vəzifəsində çalışıb. 2012-2013-cü illərdə isə təhsil və elm naziri olub. Gürcüstanın yeni prezidenti subay olsa da, ilk nigahından bir qızı var.