Azərbaycan prezidenti Qazax və Ağstafa rayonlarına səfər edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
APA TV-nin məlumatına görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan prezidentinin 2016-cı il 19 avqust tarixli sərəncamına əsasən başlanılıb.
Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir. Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra prezident İlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur.
Ölkə başçısı Qazax rayonunda “Daş Salahlı” yarımstansiyasının açılış mərasimində də iştirak edib. Bildirilib ki, “Daş Salahlı” son 20 ildə qərb bölgəsində tikilən 110 kilovoltluq 4-cü, respublika üzrə isə 44-cü belə yarımstansiyadır.
Diqqətə çatdırılıb ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, “Daş Salahlı” artıq 22 kəndi, 19364 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.
Dövlət başçısı "Daş Salahlı" yarımstansiyasını işə salıb.
Prezident İlham Əliyev Qazax rayonunda “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təqdimatında iştirak edib.
“Birinci Şıxlı” kəndli fermer təsərrüfatının yaradılmasına 2016-cı ilin mayında başlanılıb və cari ilin oktyabrında inşaat işləri başa çatdırılıb. Təsərrüfatın ümumi ərazisi 151 hektardır. Burada məhdud məsuliyyətli cəmiyyət üçün inzibati bina, tutumu 2 min ton olan anbar yaradılıb. Həmçinin 250 kvadratmetr sahədə texnika üçün park inşa edilib, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ərazisi 600 kvadratmetr olan istehsal sahəsi yaradılıb və müxtəlif növ 11 maşın-mexanizm alınıb.
Dövlət başçısına məlumat verilib ki, burada istehsal edilən məhsullar ilkin olaraq daxili bazar üçün nəzərdə tutulub. Kəndli fermer təsərrüfatının 15 hektar əkin sahəsində süni yağışyağdırma üsulunun (pivot) tətbiqi ilə suvarma sistemi yaradılıb. Təsərrüfatda 170 nəfər işlə təmin ediləcək. Burada həmçinin mütəxəssislərin hazırlanması üçün Əkinçilik Tədris Mərkəzi fəaliyyət göstərəcək.
Sonra prezident “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC-nin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Qazax rayonuna səfəri başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin Ağstafa rayonuna səfəri başlayıb.
Dövlət başçısı əvvəlcə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sonra İ.Əliyev əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub.
Azərbaycan prezidenti “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin açılışında iştirak edib. Azərbaycan prezidentinə yeni fabrik barədə məlumat verilib. Bildirilib ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Sonra prezident İlham Əliyevə “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq “Venzana” mebel fabriki barədə məlumat verilib. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. Layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək.
Dövlət başçısı yeni fabrikin təməlini qoyub.
Azərbaycan prezidenti İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olub.
Dövlət başçısı həmçinin Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib, binanın rəmzi açılışını bildirən lenti kəsib və mərkəzdə yaradılan şəraitlə tanış olub.
Azərbaycan prezidenti İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib. Kombinatın inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub.
Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.
“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir.
Dövlət başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə məlumat verilib. Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoyub.
Prezident İlham Əliyev oktyabrın 19-da Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib. Dövlət başçısı yeni müəssisələrlə tanış olub, sonra isə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.