Oqtay Əsədov ATƏT DTİHB-i SİYASİ İNSTRUMENT adlandırdı

"ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu siyasi instrumentdir". Bunu Milli Məclisin spikeri Oqtay Əsədov plenar iclasda cari məsələlərin müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, bu qurum istədiyi vaxt kiçik bir məsələni böyüdür və ya ən böyük nailiyyəti kiçik səviyyədə təqdim edir: "Ölkələrin çoxunda DTİHB heç seçkilərdə iştirak etmir. Gələcəkdə biz də fikirləşməliyik. Azərbaycan üçün bu təşkilatın dəvət olunması lazımdır, ya yox".

 

O, Avropa Parlamentinin də seçkiləri qiymətləndirməsi zamanı qeyri-obyektivlik nümayiş etdirdiyini bildirib. 

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Səməd Seyidovun sözlərinə görə, Azərbaycan gücləndikcə qısqanclıq və təzyiq artır: "O təzyiqin mənbəyi də bəllidir - erməni lobbisi. Bunlar heç vaxt sakitləşmirlər. Cəhdlər göstərirlər ki, özlərinin mövqeyini Avropanın, Avropa təşkilatlarının mövqeyi kimi təqdim etsinlər. Avropa dəyərlərini özəlləşdirmək istəyən bəzi qüvvələr və şəxslər buna heç vaxt nail olmayacaqlar. Azərbaycan Avropaya Avropa üçün getməyib, Avropa dəyərləri üçün gedib".

 

Millət vəkili Zeynəb Xanlarov başqa ölkələrə aid məsələlərin Milli Məclisdə müzakirəsinə etiraz edib: "Mən istərdim ki, elə Qarabağdan danışaq, hər dəfə Qarabağdan danışaq. Burada çox qarabağlı var, danışanlar elə Qarabağdan olmayanlardır. Bir qarabağlılar da danışsınlar, onların da yetim-yesirləri var, onlar da danışmalıdırlar".

 

Daha sonra gündəlikdə duran 20 məsələnin müzakirəsinə başlanılıb. Bütün qanunlar səs çoxluğu ilə qəbul edilib. Bunlardan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanununa edilən dəyişikliyə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500, vəzifəli şəxslər 1500, hüquqi şəxslər isə 5 min manat miqdarında cərimə ediləcək.

 

"Sosial müavinətlər haqqında" qanuna edilən əlavə və dəyişiklik isə 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət verilməsini nəzərdə tutur.  Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq.

 

 

Müəllif | Apa.Tv