AĞDAŞDA DƏHŞƏT: 14 ildən sonra dünyaya gələn körpə tələf oldu

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında yeni doğulan uşaq ölüb. APA TV-nin məlumatına görə, Göyçay rayon sakini 1976-cı il təvəllüdlü Qədirova Könül Ağabala qızı övladını dünyaya gətirmək üçün xəstəxananın doğum şöbəsinə yerləşdirilib. Həkimlər anaya uşağı qeysəriyyə yolu ilə dünyaya gətirməyi məsləhət görüblər. Cərrahiyyə şöbəsində əməliyyat olunan Könül Qədirovanın vəziyyəti yaxşı olsa da, yeni dünyaya göz açan körpənin vəziyyəti qəflətən pisləşib. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılan körpənin oradan Gəncəyə aparılması məsləhət görülüb. Uşaq Gəncəyə aparılarkən yolda keçinib.

Uşağın nənəsi bildirib ki, Göyçay Mərkəzi rayon Xəstəxanasında təmir-bərpa işləri görüldüyü üçün ana doğuş üçün yeni tikilmiş və hər cür şəraiti, müasir avadanlıqları olan Ağdaş Mərkəzi rayon Xəstəxanasına aparılıb. Orada isə uşağın çəkisinin çox olduğunu və onun çətin doğulacağını əsas gətirərək keysəriyyə üsulu ilə götürülməsi məsləhət görülüb.

Yeni doğulan uşaq oğlan olub və bu, ananın ailə qurandan 14 il sonra dünyaya gətirdiyi ilk övladı idi. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov