Cəlilabadda su bəndi aşdı: Ələt-Astara magistralı bağlandı - HADİSƏ YERİNDƏN
Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində su bəndi aşaraq ətraf ərazini basıb.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətovun APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, suyun səviyyəsi intensiv yağışlar səbəbindən qalxıb.
Hadisə nəticəsində Ələt-Astara magistralının rayonun Alar kəndindən keçən hissəsini də su basıb və yol bağlanıb. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə rayonun müvafiq qurumları hərəkətə gətirilib. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Cəfərli kəndi ərazisindən alternativ yol açılıb.
Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib.
Hər 2 istiqamətə gedən minik avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə, hərəkətlərini davam etdirə bilirlər, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılıb.