Yenə “VAZ-2107”, yenə qəza: 1 ÖLÜ
Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının 146-cı kilometrliyində - yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Rusiya vətəndaşı Şamil Mahardovun idarə etdiyi “VOLVO” markalı, ağırtonajlı yük maşını Cəlilabadın Maşlıq kənd sakini Hikmət Bədəlovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Masallı rayon sakini Əliağa Həsənovun idarə etdiyi “BMW” markalı avtomobil isə yük maşınının arxa hissəsinə çırpılıb. Güclü zərbənin təsirindən “VAZ-2107” markalı avtomobil çevrilib. Nəticədə avtomobilin sürücüsü Hikmət Bədəlov, həmçinin, sərnişinləri Tapdıq Rəhimov və Rizvan Nəsirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərin baxmayaraq, Hikmət Bədəlovu xilas etmək mümkün olmayıb. Digər iki yaralının vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Hadisənin şahidi deyib ki, “BMW” yük maşının arxasından gedirmiş Qarşıdan “VAZ-2107” gəlib və hadisə baş verib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.