Türkiyədə HDP liderləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağ tutuldular
Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunublar. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, S. Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbəkirdəki evində, F.Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb.
Bundan başqa bəzi HDP-li millət vəkillərinin evlərində polis əməliyyat keçirib. Partiyanı TBMM-də təmsil edən Sürəyya Öndər isə Ankarada saxlanılıb. Ümumilikdə, 12 HDP-li deputatın həbs edildiyi bildirilir.
Türkiyə Baş Prokurorluğundan bildirilib ki, əməliyyatlar Diyarbəkir, Hakkari, Van, Şırnak və Bingöl prokurorluqlarının təlimatı ilə keçirilib. TBMM-də qəbul edilən millət vəkillərinin toxunulmazlıqlarının qaldırılmasından sonra adı çəkilən şəxslər barələrində başladılmış araşdırmalarla əlaqədar ifadə verməyə gəlmədiklərinə görə saxlanılıblar.