Mixail Şvıdkoy: “Azərbaycan və Rusiya BİR-BİRİNDƏN ASILIDIR”
"Azərbaycanla münasibətlərimiz hansısa məqamlardan, xüsusən kriminal hadisələrdən asılı deyil”. APA-nın xəbərinə görə, bu fikirləri Bakıda jurnalistlərə açıqlamasında Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
“Rusiyanın Azərbaycanla münasibətlərə dair hər hansı sualı və şübhəsi yoxdur. Azərbaycanla münasibətlər Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir. Bu siyasət hansısa məqamlardan, xüsusən kriminal hadisələrdən asılı deyil”.
Moskvanın Qərbi Biryulevo rayonunda baş verən hadisələri və Orxan Zeynalovun həbsini şərh edən M. Şvıdkoy bildirib ki, Rusiyada çoxlu sayda azərbaycanlı, Azərbaycanda isə xeyli rus yaşayır: “Biz bir-birimizdən asılıyıq. Bizim üçün millətlərarası sülh vacibdir. Ölkələrimiz arasında münasibətlər dayanıqlı və stabil xarakter daşıyır. Hərdən müəyyən insidentlər baş verə bilər, lakin bunlar ciddi xarakter daşımır”.
M. Şvıdkoy qeyd edib ki, Rusiyada anti-Azərbaycan və Azərbaycanda antirus əhval-ruhiyyəsinə yol vermək olmaz.
İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman radikal və anti-Azərbaycan əhval-ruhiyyəli qüvvələrin sayəsində məişət səviyyəli cinayətdən ksenofobiya niyyəti ilə istifadə olunduğunu bildirib: “Mən bu hadisələr zamanı Moskvada idim. Mənə belə gəldi ki, bu hadisələr sırf anti-Azərbaycan mahiyyəti daşımırdı, sadəcə olaraq, millətçi və radikal şüarlar səsləndirilirdi. Bunlar qorxunc və dəhşətli idi”.
M. Qusman ümid edir ki, hüquq-mühafizə orqanları Biryulevo olaylarının bütün günahkarlarını üzə çıxaracaq. O bu hadisələrin Rusiya-Azərbaycan münasibətlərinə təsir edə biləcəyini düşünmür.