Gülər Əhmədova: "İNTİHARA CƏHD ETMİŞƏM"
“Elşad Abdullayev mənimlə bağlı məlum videonu yayandan sonra şoka düşmüşdüm. Əllimi həyatdan üzmüşdüm. Bir dəfə də intihara cəhd etdim”.
APA TV-nin xəbərinə görə, həbsdə olan sabiq deputat Gülər Əhmədova məhkəmədə Elşad Abdullayevlə məhz onun ofisində görüşməsi məsələsinə də aydınlıq gətirib: “Elşad Abdullayev məni universitetə yox, ofisə dəvət etdiyi üçün orada görüşdük”.
Sabiq deputat E. Abdullayevin tələbələrə vurduğu ziyanı Milli Məclisdə qaldırmaq istədiyini də bildirib: “Lakin Elşad mənə “Balam ölsün ki, mələsini həll edəcəyəm, kişi kimi söz verirəm” dedi. Mən də buna görə gözlədim”.
Daha sonra G. Əhmədova deyib ki, Sevinc Babayeva ona E. Abdullayevin prokurorluqda işləyən qardaşı Elsevər və digər qohumları tərəfindən təhdid olunduğunu söyləyib: “Sevinc mənə deyirdi ki, Elsevərgil evinə gəlib, üstünə silah çəkirlər. Mən də bundan sonra Sevincə dedim ki, Elşadın əməllərini ictimailəşdirmək lazımdır”.
G. Əhmədova bildirib ki, S. Babayeva E. Abdullayevin videomateriallar toplamasından xəbərdar olub. Lakin bunun nə ilə bağlı olduğunu bilmədiyini deyib. G. Əhmədova S. Babayeva Türkiyəyə gedəndən sonra ona pul göndərdiklərini söyləyib: "Sevincin bacısı, anası, oğlu mənim evimə gəldilər, 20 min pul istədilər. Yarısını bacımdan, yarısını da qaynımdan alıb verdim”.
Gülər Əhmədova Gürcüstana getmək istəməsinin də səbəbini söyləyib. Deyib ki, qonşu ölkəyə müalicə məqsədilə getmək istəyib. Amma bunun qadağan olduğunu bilməyib.