Yeraltı kəndin sirri - REPORTAJ

Tarixi abidələr baxımından Abşeron yarımadası xüsusi əhəmiyyətə malikdir. Qədim yaşayış məskəni olan yarımadanın tarixi eramızdan əvvələ qədər gedib çıxır. Ərazidə tapılan kurqanlar, ocaq izləri və qəbirlər keçmişə dair dəqiq məlumatlar verir. Tapıntılar sübut edir ki, Abşeronda ilk qala məhz burada tikilib. Elə Qala kəndinin adı da buradan götürülüb.  Qalanın qədim tarixi abidələrindən biri onun ərazisindəki bu böyük qaladır.  Gördüyünüz qəsr XIII-XIV əsrlərdə tikilib,  XVII əsrdə yenidən bərpa edilib. Qalanın içində yeraltı yollar, iri otaqlar var.  Rəvayətə görə, düşmən hücumlarından qorunmaq üçün insanlar mal-qarasını da yığıb bu qalada gizlənirmiş. Sonradan Sovet hakimiyyəti illərində, daha dəqiqi, 1924-1925-ci illərdə, qalanı söküb daşlarından məktəb binası tikiblər.  Qaladakı qüllə isə tamamilə dağıdılıb.  Lakin divarın qalıqları və orta əsrlərə məxsus Cümə məscidi günümüzədək gəlib çatıb. Sonradan məscid kimi istifadə olunan tikili müdafiə kompleksinin bir hissəsidir. 

 

Keçmişdə yerin altında sığınacaqlar, tunel, gizli yollar olub. APA TV həmin yeraltı yollarda çəkiliş aparıb.

 

“Bərpa işləri zamanı qalada iki yeraltı yol aşkar edilib. Bu yeraltı yollar X-XIV əsrlərə aid edilir. Kənd ağsaqqallarının dediyinə görə, yollardan biri dəniz kənarına, digəri isə şəhərə gedir. Həmin yollardan biri qayaların altından keçir.

 

“Yeraltı yolda dairəvi formalı qədim tikili özülü, onun altında isə dairəvi formalı kiçik otaq aşkar olunub. Otağın hansı məqsədlə tikildiyi məlum deyil. Ehtimal olunur ki, buranı gizli ərzaq anbarı və ya sığınacaq məqsədi ilə inşa ediblər. Kompleksdə belə dairəvi formalı otaqlara bir neçə yerdə rast gəlinir.

 

Qala qəsri 2010-cu ildə tam bərpa olunub. XII-XIV əsrlərə aid Qala qəsri bir müddət məscid kimi də fəaliyyət göstərib. Qəsrin altında tapılmış evlər, qəbirlər, digər tikili və əşyalar olduğu kimi bərpa edilərək Qala kompleksinə daxil edilib. Hündür divarlarla əhatələnən tikili dördbucaq şəklindədir. Kəndin hündür yerində tikilməsi qalanın müdafiə və gözətçi məntəqəsi rolunu oynadığını sübut edir.

 

Atəşpərəstliyin tədqiqatçısı, ingilis professoru Merri Boys "Zərdüştlük" kitabında yazır: "İslamın yayılmasından sonra tikilən geniş daxmaların, yaxud sükut qüllələrinin damına yırtıcı quşlar üçün cəsədlər  qoyurdular. Qüllələr o qədər yüksəkdir ki, cəsədlər görünmür və bu da müsəlmanları qıcıqlandırmırdı".

 

Lakin Abşeronda hansı qüllələrin qayalar üzərində tikildiyini müəyyənləşdirmək zəruridir. Abşeron qalalarında olduğu kimi, burada da divara söykənən nərdivanlar düzəldilirdi ki, yuxarı çıxmaq çətin olsun. Bunun səbəbi isə qüllələrin müsəlmanlar tərəfindən ələ keçirilməsi cəhdləri idi. Bundan ötrü qülləyə çıxıb azan vermək kifayət idi.

 

Arxeoloji tədqiqat zamanı maraqlı tapıntılardan biri də Tunc dövrünə aid qayaaltı yaşayış yeridir. Qayaaltı yaşayış yerinin qarşısında dairəvi formalı tikililər var. Yaşayış yerinin yalnız üst hissələrində araşdırma aparılsa da, tədqiqatlar hələ yarımçıqdır.  Muzey-kompleksdə maraqlı abidələrdən biri də “Dübəndi kurqanı”dır. Kurqanın mərkəzində dəfn kamerası var. Burada dəfn olunanların sümükləri, saxsı qabların qırıqları, muncuqlar aşkar olunub. Bütün bunlar əhalinin adətləri, gündəlik  həyatı, dini inancları və həmin vaxtlar yerli əhalinin ayrı-ayrı bütlərə, təbiət qüvvələrinə sitayiş etməsindən xəbər verir. Dübəndi kurqanı təkcə dəfn abidəsi deyil, həm də tunc dövrünə aid orijinal memarlıq abidəsi kimi e.ə III minilliyin I yarısına aid edilir. Abşeron qalaları bir-birinə çox oxşardır. Onların çoxu kəndin kənarında yerləşir. Bu, Qala kəndindəki 5 məsciddən biridir. Kənd əhalisi hər cümə namazı qılmaq üçün bura toplaşırmış. Hələ yaşı dəqiq bilinməyən bu məscid 90 dərəcə düzbucaqlı üçbucaq şəkilindədir. Bəzi mənbələrdə məscid XVII əsrin abidəsi kimi göstərilsə də, onun həmin dövrdə təmir edildiyi də ehtimal olunur.

Müəllif | Apa.Tv