Elmar Məmmədyarov: "Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi..."

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Milli Assambleyasının üzvləri Roberto Mouilleron və Julia Argentina Perieni qəbul edib. APA TV-nin xəbərinə görə, Argentina nümayəndələri Bakıda keçirilən Humanitar Forumda iştirak etdiklərini qeyd edərək, Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

 

Görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli siyasi əlaqələrin və parlamentlərarası təmasların inkişafına və beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığa münasibətdə məmnunluq ifadə olunub.

 

İqtisadiyyat, xüsusilə kənd-təsərrüfatı, mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Elmar Məmmədyarov Fransa Parlamentinin 16 nəfərdən ibarət nümayəndə heyətini də qəbul edib. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli siyasi, iqtisadi, mədəni və parlamentlərarası əlaqələrin inkişafı və Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi fəaliyyəti üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Azərbaycanın Fransanın regionları ilə əməkdaşlığının inkişaf etməsindən məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində fransalı millət vəkillərinin çoxsaylı sualını cavablandıraraq, münaqişənin həll edilməsinə dair Azərbaycanın mövqeyi barəsində məlumat verib. 

Müəllif | Apa.Tv