Korçay qoruğunda 600 ceyran, 20 mühafizəçi...
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Goranboy rayonu ərazisində yerləşən Korçay dövət təbiət qoruğuna Şirvan Milli Parkından 10 baş ceyran gətirilib. Ceyranların öz təbii areallarına buraxılmasında məqsəd qoruqda ceyranların cırlaşmasının qarşısını almaq və onların sayını artırmaqdan ibarətdir.
Qoruğun direktoru İrşad Abbasovun APA TV-yə dediyinə görə, hələ sovet illərində Korçay dövət təbiət qoruğunda bitki və ətraf mühitin, eləcə də burada yaşayan ceyranların su təchizatını təmin etmək üçün süni göllər yaradılıb. İrşad Abbasov bildirib ki, qoruğun yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır.
Ceyranların qorunduğu Korçay qoruq 5 hektara yaxın ərazini əhatə edir. Bu qoruq Korçay dövlət təbiət yasaqlğı ərazisinində yaradılıb. Yasaqlığın ərazisi 26 min hektara yaxınıdır. Qoruqda 600-dan artıq ceyran və digər heyvan növləri qorunur. Qoruq ərazisində 20-dan artıq mühafizəçi üçün 2 yeni ev tikilərək istifadəyə verilib.