İtkin düşən neftçinin meyiti tapıldı
Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin meyiti Dərinsulu Günəşli platforması yaxınlığında sudan çıxarılıb.
Bu barədə "APA-Economics"ə Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən məlumat verilib.
“Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən insan meyiti çıxarılıb. Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib”, - deyə məlumatda vurğulanıb.
"APA-Economics" hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya istinadən xəbər verir ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir. M.Qəhrəmanlının "Facebook" sosial şəbəkəsindəki paylaşımına cavab olaraq istifadəçilərdən biri qeyd edib ki, Q.Hacıyev "KCA-Deutag" şirkətinin əməkdaşıdır.
Qeyd edək ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı nə itkin düşən işçinin, nə də podratçının adını açıqlamayıb.