Zaqatalada 21 yaşlı oğlan faciəli şəkildə öldü
Zaqatalada baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, ölümlə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 124-cü kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Qımır kənd sakini, 1982-ci il təvəllüdlü Nəbiyev Zaur İlham oğlu idarə etdiyi “VAZ 2101” markalı, 62 BB 914 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin hərəkət istiqamətini itirərək yolun sağ tərəfindəki dərəyə aşırıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Zaur Nəbiyev və sərnişin, Zaqatala rayonu Qımır kənd sakini, 1992-ci il təvəllüdlü Həsənov Tamerlan Feyzullah oğlu Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Tamerlan Həsənovu xilas etmək mümkün olmayıb. Digər yaralı Zaur Nəbiyevin vəziyyəti orta-ağır hesab olunur.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.