Kişinyovda böyük yanğın: ölən və yaralananlar var
Moldovanın paytaxtı Kişinyovdakı anbarda güclü yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğınla mübarizə 10 saatdan çox davam edib.
Yanğın səhər saatlarından başlayıb, üçüncü dərəcəli səfərbərlik elan edilib. Hadisə yerinə 25 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın anbarın 4-cü mərtəbəsindən başlayıb və digər mərtəbələrə də yayılıb. Anbarda tez alışan materialların olması yanğının güclənməsinə səbəb olub.
Yanğının qarşısı alınarkən 28 yaşlı yanğınsöndürən həlak olub, daha 8 nəfər isə yaralanıb. Binada daha bir nəfərin də qaldığı istisna edilmir.
Müvafiq qurumlar binanın uça biləcəyindən ehtiyatlanırlar. Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb, yaxınlıqdan keçən yollar bağlanıb.